Bu günlərdə Nyu Dehlidəki avtomobil sərgisində Hindistanın Tata Motorz Nano şirkətinin nümayiş etdirdiyi dünyada ən ucuz avtomobil modeli barədə xəbər əhalisinin hər min nəfərindən yalnız səkkizinin şəxsi maşını olan bu ölkədə sonsuz maraq doğurub. Hazırda Hindistanın hər yerindən on minlərlə adam Nyu Dehlidəki sərgiyə axışmağa başlayıb. Rəsmi adı “Tata Nano” adlanan yeni avtomobili yerli sakinlər sərfəli qiymətə olduğu üçün “xalq maşını” deyə çağırmağa başlayıblar.Yeni avtomobil yanacağı da qənaətlə işlədir ki, bu da müştərilər üçün cəlbedicidir. “Xalq maşını” qabaritlərinə görə elə də böyük deyil ki, bunu da yeni modelin Hindistanın dar, geniş olmayan yolları üçün üstün cəhətlərindən biri hesab etmək olar.
Qeyd edək ki, hindistanlı məşhur iş adamı Tata Nanonun başçılıq etdiyi avtomobil müəssisəsi artıq yeni modelin kütləvi istehsalına başlamışdır. Şəxsi maşın sahibi olmaq arzusunda olan milyonlarla hindistanlı 2500 dollara maşın almaq şansını göydəndüşmə fürsət hesab edir. Hindistan küçələrində əsasən əhali motosikletlərlə hərəkət edir.
Tata şirkətinin prezidenti Ratan Tata yeni modelin təqdimetmə mərasimində deyib ki, o hər dəfə 2-3 uşağını, hətta arvadını iki təkərli motosikletlərə mindirib hərəkət etməyə məcbur olan soydaşlarını görəndə çox narahat olur. Əhalisi çox sıx olan Hindistanın pis vəziyyətdə olan küçələrində qəzalar da tez-tez baş verir. Hindistanlı iş adamı düşünür ki, ucuz, rahat avtomobil sahibi olmaqla onun həmvətənləri həm komfort əldə edəcəklər, həm də yollarda ölüm-itim azalacaq. Dünya avtomobil bazarı da Hindistanda ucuz avtomobilin istehsala buraxılması prosesini diqqətlə izləyir.
Mütəxəssislər bu qənaətdədirlər ki, əgər bu maşının taleyi uğurlu olsa, o zaman üçüncü dünya ölkələrinin istehlak bazarında “Tata Nano” tipli ucuz avtomobillərə böyük tələb yaranacaq. Lakin Hindistanda yeni avtomobildən hamı razı qalmayıb. Məsələn, ekoloqlar ucuz avtomobillərin kütləvi istehsalının ətraf mühitin çirklənməsinə səbəb olacağından ehtiyat etdiklərini gizlətmirlər. BMT-nin Qlobal İqlim Dəyişiklikləri Komitəsinin rəhbəri R. K. Paçauri də ictimaiyyəti bu məsələyə diqqət yetirməyə səsləyib.
Lakin nə qlobal ekoloji problemlər, nə də Hindistanın dar yollarında yarana biləcək çoxsaylı tıxaclar şəxsi maşın sahibi olmaq istəyən milyonlarla hindistanlını düşündürmür. Onlar ən yaxın vaxtlarda bu ucuz və rahat avtomobilləri əldə etməyi arzulayırlar.


